“Boinq” şirkətinə məxsus “737Max8” və “737Max9” model təyyarələrin Efiopiyada martın 11-i və İndoneziyada oktyabrda baş verən qəzalarına görə, şirkətin nüfuzuna zərər dəyib. Efiopiyada baş verən qəza səbəbilə isə “Boinq” şirkəti istehsal etdiyi “777X” modelinin təqdimatını təxirə salıb. Dünyanın 25 ölkəsi  “Boinq-737Max8” və “Boinq-737Max9” model təyyarələrdən istifadəni boykot edib. Ancaq dünya ölkələrinin boykot dalğasına rəğmən, AZAL dünya nəhəngindən həmin modellərin öncədən etdiyi sifarişi ləğv etməyib. AZAL-ın prezidenti Cahangir Əsgərov isə məsələ ilə bağlı münasibət bildirərkən, həmin təyyarələrdə hər hansı problem yaranacağı təqdirdə bunun amerikalı mütəxəssislər tərəfindən həll olunacağını bildirib.

Mövzu ilə əlaqədar İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov, baş verən 2 təyyarə qəzasına görə, nəhəng şirkəti boykot etməyin mənasız olduğunu bildirib.

“Boinq” şirkəti dünyada hava gəmiləri istehsal edən ən böyük şirkətdir. İstər keyfiyyət baxımdan, istərsə də sifariş baxımdan yeganə rəqibi isə Avropanın “AirBus” şirkətidir. Ancaq ölkələrin sifariş göstəricilərinə gələndə isə əksər vaxt “Boinq” “Airbus”dan irəlidə olub. Son 5 ayda 2 təyyarə qəzasına görə, bu nəhənglikdə şirkətin məhsullarını boykot etmək məntiqə uyğun deyil. “Boinq”-in sərnişin və yük daşıyan təyyarələrinin müxtəlif modelləri mövcuddur. Qəza törədən 2 təyyarənin modeli də “737 Max8” və “737 Max9”-dur. Bu demək olar ki, eyni modelə məxsus hava gəmiləridir. Yəni, problem məhz bu modeldədir ki, dünyanın 25 ölkəsi də ondan imtina etdi. Bu təbii ki, “Boinq” şirkətinin imicinə mənfi zəmin yaradır və artıq öz nəticələri də müşahidə edilir. Lakin 2 modelə görə, ümumən şirkətin nüfuzuna ciddi zərər dəyəcəyini zənn etmirəm”.

“Boinq” şirkətinin nüfuzuna ciddi zərər dəyməcəyini bildirən ekspert, AZAL-ın sırf həmin modellərdən imtina etməsini məqsədəuyğun hesab edib.

O ki, qaldı AZAL-ın həmin təyyarələri almasına, AZAL “Boinq” şirkəti sıx əlaqələr qurur. Mən bildiyimə görə, AZAL təyyarə parkının əksəriyyətini “Boinq”lə təmin edib. Ancaq əgər AZAL-ın təyyarə parkında “Boinq”-in “737Max8” və “737Max9”modelləri varsa və dünyanın 25 ölkəsi bundan imtina edibsə, AZAL-ın da imtina etməsi məsləhətdir və məqsədəuyğundur. Həmin modellərin törətdiyi qəzaya görə isə AZAL və “Boinq” arasındakı əməkdaşlıq haqda neqativ fikir səsləndirmək məntiqsizlikdir”.

 

Mehman Nəbiyev