"İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri qüdrətli Azərbaycan Respublikasının və cənab Prezident İlham Əliyevin uğurudur".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Zəfər savaşı və ardınca həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın tarixi torpaqlarında suverenliyimizi bərpa etməsi özünü böyük qayıdışla taclandırır.
Keçmiş məcburi köçkünlərin azad olunmuş ərazilərə köçündən danışan deputat xatırladıb ki, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin iyulun 22-də təsdiq edilmiş Böyük Qayıdış Proqramı hədəflərimizə çatmaq üçün mühüm sənəddir.
Onun sözlərinə görə, hazırda Şuşa, Ağdam, Xocavənd, Xocalı, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər və bütövlükdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı və məqsədyönlü layihələr Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının sürətlə inkişaf etməsinə, davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir: "Ölkəmiz, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində görülən bütün işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Lakin bölgənin coğrafi mövqeyi və relyefi burada çox vektorlu investisiya mühitini formalaşdırmağa zəmin yaradır. Xüsusilə turizm, kənd təsərrüfatı və bərpa olunan enerji potensialı yerli və xarici investorların diqqətini cəlb edir".
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində 30 il talançılığın, vandalizimin və ekoloji terrorun qurbanı olan Qarabağın və Şərqi Zəngəzurun dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi yolunda qətiyyətlilik və prinsipiallıq nümayiş etdirilir", - G.Ağamalı əlavə edib.
Sadiq Cavadov