Salyanda yazlıq bitkilərin əkini başa çatıb. Əkinə vaxtında və mütəşəkkil başlayan fermerlər dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəkdən və verilən əlavə subsidiyalardan yararlanaraq 12 min 990,5 hektar sahədə yazlıq bitkilərin əkinini aparıblar.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, əkin aparılmış sahələrin 500 hektarını qarğıdalı, 4666 hektarını təzə yonca, 428 hektarını kartof, 1372,4 hektarını tərəvəz, 1007 hektarını bostan, 6 hektarını isə günəbaxan bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 5 min 10.7 hektar sahədə pambıq da əkilib.

Hazırda torpaq mülkiyyətçiləri yazlıq bitkilər əkini aparılmış sahələrdən bol məhsul götürmək üçün becərmə işləri aparır, bitkilər yemləmə gübrəsi və suvarma suyu ilə təmin olunub, alaq otlarından təmizlənilir.