Fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da etdiyi dəyişiklikdə əksini tapıb.

Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı utilizasiya haqqının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməsi də təmin olunmalıdır.

Qeyd edək ki, “Tullantılar haqqında” qanuna əsasən, utilizasiya haqqı iki halda alınacaq. Fevralın 1-dən gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınacaq. Eyni zamanda mütəmadi olaraq dövlət texniki baxışı üzrə utilizasiya haqqı ödəniləcək.

Başqa sözlə, qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə dövlət texniki baxışından keçməlidir və bu zaman hər dəfə utilizasiya haqqının ödənilməsi də tələb olunacaq.