Lənkəranda çəltik sahələri ildən-ilə genişlənir.

Fins.az xəbər verir ki, builki qeyri-sabit hava şəraiti fermerləri müəyyən çətinliklərlə üz-üzə qoysa da, ümumilikdə, təsərrüfatlarda çəltik əkininə hazırlıq mərhələsi artıq başa çatmaq üzrədir.

Təsərrüfat sahələrində əkin üçün nəzərdə tutulan şitillərə zəruri aqrotexniki qulluq göstərilir, əkin texnikası sazlanıb hazır vəziyyətə gətirilir, suvarma sistemi qaydaya salınır.

“Creen East” MMC-nin baş aqronomu Fərman Abdullayevin sözlərinə görə, çəltikçilik sahəsində əldə olunan yüksək nəticələr əmək kollektivlərini ruhlandırır. Ötən il MMC tərəfindən 100 hektarda çəltik əkilmişdisə, bu il 150 hektarda əkin planlaşdırılır.

F.Abdullayev deyib: “Biz çəltik şitilinin yetişdirilməsini konveyer üsulu ilə həyata keçiririk. İstixana şəraitində yetişdirilən şitil daha sonra açıq havaya çıxarılır. Bu isə şitillərin mühitə uyğunlaşmasını təmin edir. Bu dövrdə, həmçinin torpaq hamarlanır, ləklər hazır vəziyyətə gətirilir. Bu il yenə də ənənəvi “Haşimi” və “Apollo” düyü sortlarına üstünlük vermişik. Çünki bu sortlar daha məhsuldardır”.

Bir neçə gündən sonra çəltik əkininə start veriləcəyini bildirən F.Abdullayevin sözlərinə görə, əkin müasir texnikanın köməyi ilə həyata keçiriləcək: “Əvvəllər əl əməyi ilə keçirilən əkin vaxt itkisinə səbəb olurdu. İndi isə Cənubi Koreyadan aldığımız texnikalar vasitəsilə gün ərzində 2-3 hektarda əkin aparmaq mümkündür”.

Qeyd edək ki, bu il Lənkəran rayonunda 1000 hektar sahədə çəltik əkini nəzərdə tutulub.