Sentyabr ayından Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin informativ saytında regionlardan Bakıya gələn müntəzəm reyslərlə bağlı məlumatlar təqdim olunacaq. FED.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Qeyd olunub ki, xidmətin çağrı mərkəzinə ən çox daxil olan suallar sırasında regional avtovağzal və avtostansiyalardan Bakıya gələn reyslərlə bağlıdır: “Vətəndaşlar bununla əlaqədar məlumatı əldə etmək üçün avtostansiyalara gətməli olurlar. Həmin məlumatları əldə etmək üçün elektron resursun olmaması sərnişinləri narahat edir”.

N.Allahyarovanın sözlərinə görə, Avtomobil Nəqliyyatı Xidməti bunu nəzərə alaraq elektron məlumat platforması hazırlayır: “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin informativ saytında bunu nəzərə almışıq və bütün regionlardan Bakıya gələn müntəzəm reyslərlə bağlı məlumatlar orada öz əksini tapacaq. Sentyabrda sərnişinlərin belə bir problemi qalmayacaq”.