İlin əvvəlindən bu günə kimi intihara cəhd edən 18 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. 

Bu barədə Oxu.Az-a şöbənin baş həkimi Azər Maqsudov məlumat verib. 

Onun sözlərinə görə, qeydə alınanlar arasında ölüm hadisəsi baş verməyib:

“Daha çox sirkə turşusu və dərman içərək intihara cəhd edən insanlar bizə müraciət edib. 18 nəfərdən 12-si sirkə turşusu içib, 6 nəfər isə dərman qəbul edib. Daha çox sakitləşdirici, yuxu, depressiyaya qarşı dərmanlardan istifadə olunub”. 

Azər Maqsudov müraciət edənlərin daha çox Bakıdan olduğunu bildirib:

“Rayonlardan çox az şəxs gətirilib. Müraciət edənlərin çoxu Bakıdandır. İntihara cəhd edən şəxslərdən 6-sının vəziyyəti kəskin, qalanlarının isə orta ağır olub. Amma hər hansı ölüm hadisəsi baş verməyib”. 

Azər Maqsudov onu da əlavə edib ki, intihara daha çox gənclər və ortayaşlılar cəhd edib:

“Müraciət edənlər 25 və 40 yaş arası olan şəxslər olub. Xanımlar daha çox üstünlük təşkil edib”.