Azərbaycanda avqustun əvvəlindən bəri idxal edilən siqaretlərin bütün markaları üzrə qiyməti 10-20 qəpik civarında bahalaşıb. Ümumilikdə hazırda ölkədə bir qutu siqaretin ortalama qiyməti 3,04 manat təşkil edir. Bununla yanaşı, ölkədə tütün məmulatlarının istehsalında da artım müşahidə olunub. Bu ilin yanvar-sentyabr ayları ərzində 10,3 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edilib. Bu dövrdə ölkənin tütün ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 milyon dollar azdır. Eyni zamanda bu ilin yanvar-sentyabr ayları ərzində 85 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edilib. Hesabat dövründə ölkənin tütün idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 milyon dollar çoxdur. Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində tütün məmulatlarının istehsalında 4,6%, siqaret istehsalında isə 14% artım müşahidə olunub. Həmçinin bütün idxal və ixracların fonunda siqaretin mütəmadi olaraq bahalaşması qeydə alınır. Maraqlıdır ki, siqaretin bahalaşmasının səbəbi nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, tütün məhsullarının qiyməti təkcə daxili bazarla tənzimlənmir. Onun sözlərinə görə, yerli istehsal ümumi tütün istehlakının həcmini təmin edə bilməz, ona görə də tütün məmulatlarının böyük qismi xarici ölkələrdən gətirilir:

"Bu baxımdan hər il siqaretin qiymətində artım baş verir. Ümumilikdə tütün və tütün məhsullarının, spirtli içkilərin qiymətinin yüksək olması bütün mütərəqqi dövlətlərdə gözlənilən haldır. Bu, əhalinin daha sağlam həyat tərzinə alışmasını və zərərli vərdişlərdən uzaqlaşmasını stimullaşdıran amillərdən biridir. Siqaretin bahalaşması alqışalayiq addımdır".

Siqaretin bahalaşmasının qarşısını almaq metodlarından danışan V.Oruc söyləyib ki, bunun üçün yerli istehsalın artırılması zəruridir. O vurğulayıb ki, burada yalnız daxili bazara hədəf almamalı və eyni zamanda məhsulların xaricə çıxışı da təmin edilməlidir.
 
İqtisadçı Eldəniz Əmirov isə İqtisadiyyat.az-a açıqlamasında siqaretin bahalaşmasını qlobal iqtisadi gedişatla əlaqələndirib. O xatırladıb ki, 2022-ci ildə Azərbaycandan 4,8 milyon dollar dəyərində 634 milyon ədəd siqaret ixrac edilib.

"Amma tütün və tütünün sənaye əvəzedicilərinin idxalına isə 91 milyon dollar xərclənib. Yəni tütün və tütün məhsullarına görə ölkəyə gələn gəlirdən fərqli olaraq, 70-75 milyon dollarlıq vəsait ölkədən çıxır. İdxal əməliyyatlarında əsas malların xüsusi çəkisində bu məhsulların payı 0.78 faiz olub. Yəni idxal üçün hər 100 manatdan 78 qəpiyi siqaretin payına düşür".

Qeyd edək ki, son 10 ildə isə Azərbaycanda siqaretlərin qiymətlərinin dəyişmə tempi ilə bu linkdən tanış olmaq mümkündür.

 

Gülşən Şərif