"2024-cü ildəki manat 2023-cü ildəki manat qədər alıcılıq qabiliyyətinə malik olmayacaq". 

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

O, ərzaq və qeyri-ərzaq məhsullarının qiymət artımı ilə bağlı ehtimalı dəyərləndirib. Bahalaşma tendensiyasının adətən ilin yekunlarında baş verdiyini söyləyən iqtisadçı bildirib ki, bu təkcə biznes maraqları ilə bağlı deyil və bir iqtisadi prosesdir.

V.Oruc pulun iqtisadi xarakterinə görə hər il dəyər itirməkdə davam etdiyini deyib. O, bundan başqa, enerji daşıyıcılarının qiymətində də müəyyən dəyişikliklərin olacağını istisna etməyib:

"Azərbaycan sosial dövlətdir. Hökumət maksimum dərəcədə çalışır ki, ümumilikdə nəqliyyat vasitələri üçün önəmli olan enerji daşıyıcılarının, o cümlədən kommunal xidmətlərin qiymətində artım olmasın. Ona görə də bu istiqamət üzrə balanslaşdırma siyasəti həyata keçirilir. Hər ilin sonunda qiymət siyasətinə yenidən baxılır və müvafiq düzəlişlər edilir. Nəticədə illik inflyasiya nəzərə alınaraq əməkhaqqı, pensiya və müavinətlərin məbləği müəyyən dərəcədə artırılır. Bu addım qiymət artımının əhalinin büdcəsinə, xüsusilə də istehlak səbətinə təsirlərin qarşısını almaq üçün aparılır".

Enerji daşıyıcılarının qiymətinin bahalaşmasının mümkün təsirlərinə toxunan iqtisadçı hesab edir ki, bu halda gündəlik tələbat mallarının qiyməti avtomatik olaraq bahalaşacaq: "Eyni zamanda qeyri-ərzaq mallarının qiymətində də dəyişikliklər gözləniləndir. Azərbaycan hökuməti çörəyin, unun, şəkər və şəkər məhsullarının qiymətinin stabil qalması üçün çalışır. Çünki bu məhsullar olduqca strateji məhsullar hesab olunur. Ona görə də bu məhsulların qiymətini bazar deyil, hökumət tənzimləyir. Ümumilikdə, hesab edirəm ki, təzə ildə ciddi qiymət artımı baş verməyəcək". 

Qeyd edək ki, hazırda dünya bazarında bir çox sahələr üzrə qiymət artımı davam edir. Həm uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsinin, həm də Fələstin-İsrail toqquşmasının dünya bazarında qiymət artımına təsir etdiyi bildirilir. Hər iki toqquşmanın dayanmasının isə hələlik real görünmədiyi bir vaxtda qiymət artımının nə zamana qədər davam edəcəyi sual altındadır. Ekspertlər də dünya bazarındakı qiymət artımının Azərbaycana təsirsiz ötüşməyəcəyini deyirlər. Onlar həmçinin bəzi sahələr üzrə artımların qaçılmaz olacağını söyləyir, bunun qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinə zərurət yarandığını bildirirlər. 

 

Gülşən Şərif