"Fevralın 25-dən 26-na keçən qarlı-şaxtalı gecədə sanki qar əvəzinə göydən qan yağırdı. Elə bir dəhşətlər yaşanıb ki, şahidi olduğum hadisələrin çoxunu dilimə gətirib danışa bilmirəm".

Bu sözləri İqtisadiyyat.az-a Xocalıda tibb bacısı kimi fəaliyyət göstərmiş Səadət Zeynalova deyib.

O, 1941-1945-ci illərdə müharibə iştirakçısı olmuş əmisinin də Xocalı faciəsində meşənin dərinliklərində şəhidlik zirvəsinə ucaldığını xatırladıb: "Hələ də onun meyiti tapılmayıb. Görün onlar nə qədər vəhşiliklər törədib ki, Dünya müharibəsindən sağ gələn insan Xocalı faciəsindən sağ çıxa bilməyib. Heç bilmirik əmimi öldürüblər, ya sağdır. Bu günə qədər ondan xəbər ala bilməmişik. Görün ermənilər bizim nə qədər balalarımızı, qocalarımızı, cavanlarımızı qırıblar. Hələ də inana bilmirik ki, insan o vəhşilikləri törədə bilərdimi?!"

S.Zeynalova həmçinin həmin dövrdə tibbi fəaliyyətindən də danışıb. O, 1987-ci ildə 2 nömrəli tibb texnikomunu bitirəndən sonra təyinatla Əsgəran rayonunda fəaliyyət göstərməyə başlayıb:

"Biz bir kabinetdə dörd tibb bacısı ilə birlikdə çalışırdıq. Həmin dövrdə bizə oradan çıxmağımızı bildirdilər. Əks halda, ermənilər bizi öldürəcəkdi. Bundan sonra 2-3 gün işə gedə bilmədik. Xocalı şəhər statusu aldıqdan sonra mən fəaliyyətimi orada tibb bacısı kimi davam etdirdim. Həmin vaxtlar işıqsız, qazsız idik. Çıraq ümidinə otururduq. Onda özünümüdafiə batalyonunun komandiri Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev 21 əsgəri ilə birlikdə Xocalının müdafiəsinə gəlmişdi. O, düşmənlə mübarizə aparan zaman Cabbar adlı oğlanla birlikdə yaralanmışdı. Onlar bizdən 4-5 kilometr aralıda qalırdılar. İşıqsız, qazsız gecələrdə gedib onların yarasını sarıyırdım. Tək onların yox, digər xəstələri də müalicə edirdim. Çünki tək tibb bacısı mən qalmışdım. Bəziləri vertolyotla çıxmışdılar, amma mən tək qalmışdım. Fevralın 25-dən 26-na keçən gecəyə qədər gedib onlara yardım edirdim. Qarlı-şaxtalı günlərdə beş gün Xocalı meşələrində qalan zaman uşaqlar ağlamasın deyə onların başını qataraq sakitləşdirməyə çalışırdım. Çünki uşaqların səsinə ermənilər yerimizi bilib bizi girov götürə bilərdilər".

"O günləri əvvəl çox ağır xatırlayardıq, amma indi bizim torpaqlarımız azaddır, cənnət Qarabağımız azaddır. Şükür Allaha ki, gedib doğma Xocalımı, atamın qəbrini ziyarət etdim. Erməni vandalları oranı cəhənnəmə döndəriblər, ancaq biz oranı cənnət edəcəyik. Şəhidlərimizə Allah rəhmət etsin. Prezidentimiz, ordumuz sağ olsun. Xocalıda şəhid olan oğullarımızın ruhu indi göydən baxır. İndi onların ruhları azaddır və sevinir ki, torpaqlarımız, Xocalımız azad olunub", - o, təəssüratlarını da bölüşüb.

 

Sadiq Cavadov