Azərbaycan ordusunun 2 il əvvəlki zəfərindən sonra Qarabağ ərazisində yaşayan ermənilərin Azərbaycan torpaqlarını tərk edərək Ermənistana və digər yerlərə köçdüyü heç kimə sirr deyil. Dekabrın 12-də bir qrup ekologiya fəalının və QHT nümayəndəsinin Laçın dəhlizində başlatdığı etiraz aksiyası da ermənilərin kütləvi köç istəyini artırıb. Sosial şəbəkə platformalarındakı paylaşımlardan yola çıxaraq Xankəndidəki mənzil satışı ilə maraqlandıq. Ermənilərin ev alqı-satqısı saytlarına baxış keçirərkən son bir ayda elan sayının artdığını müşahidə etdik. 

Orta və yüksək təmirli mənzillərini təcili satışa qoyan ermənilərin mənzillərinə təyin etdiyi qiymətlər də diqqət çəkib. Məsələn, 4 mərtəbəli binanın 2-ci mərtəbəsində, 3 otaqlı, 72 kvadrat metr sahəsi olan mənzilin qiyməti Azərbaycan valyutası ilə 100.000 manata satılır. Qeyd edək ki, sosial şəbəkə platformalarının Azərbaycan seqmentində bu cür mənzillərə maraq heç də az deyil. 

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Qarabağ ərazisində yaşayan dinc ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını qorumağa hazır olduğunu bəyan edib.