“Bizdə hazırda yumurtanın qiymətində heç bir artım yoxdur və yaxın gələcəkdə də gözlənilmir”. 

Bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib. 

Onun sözlərinə görə, bəzi sui-istifadəçilər süni şəkildə yumurtanın qiymətini artırmağa çalışırlar. 

M.Həsənli həmçinin vurğulayıb ki, yumurtanın fabrikdən çıxan topdan satış qiyməti marketə çatdırılma da daxil olmaqla bir ay bundan qabaq da 53 manat idi və bu gün də 53 manatdır: 

“Yəni bir yumurtanın qiyməti 14,7 qəpiyə marketə çatdırılır, 16-17 qəpiyə isə marketdə satılır. Ortadakı işbazlar, alverçilər müəyyən rol oynayan ajotaj yarada bilərlər ki, qiymətlərin qalxmasına nail olsunlar. Əgər hər hansısa bir marketdə istehlakçılar yumurtanın qiymətində artım müşahidə etsələr, dərhal şəklini çəkib bizə göndərsinlər. Belə olan halda biz assosiasiya olaraq onlarla bağlı müvafiq qurumlara şikayətlərimizi edəcəyik. Bir-bir fabriklərlə indi də danışmışam. Bizdə heç bir qiymət artımı yoxdur və yaxın gələcəkdə də gözlənilmir”. 

O qeyd edib ki, gündəlik istehsal hazırda  5 milyon ədədin üzərindədir: "Yanvarda isə bu rəqəmin 6 milyon ədədə qədər qaldırılması gözlənilir. Yumurtaya olan gündəlik tələbatımız isə 3 milyon 600 min ədəddir. Burada 1 milyon 400 min ədəd artıq yumurta qalır. Həmin yumurtanı da gündəlik olaraq Yaxın Şərq ölkələrinə ixrac edirik. Rusiyaya isə cəmisi 1 milyon 800 ədəd ixrac etmişik". 

Qeyd edək ki, paytaxtın bəzi yerlərində yumurtanın qiymətində 2-3 qəpik artım olması ilə bağlı məlumatlar yayılıb. Bəziləri bunu bayram ərəfəsi ilə, bəziləri mövsümi xarakter daşıdığını, bəziləri də Rusiyaya ixrac ilə əlaqələndirir.


Sadiq Cavadov