“Bu gün rəqabətə və transformasiyaya hazır olmayan sahibkarlar, sözsüz ki, ya fəaliyyətlərini məhdudlaşdırmalı olacaqlar, ya da digər istiqamətlərə yönələcəklər”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.

O, iqtisadi qanunauyğunluğa əsasən qiymətlərin formalaşmasında rəqabətin böyük rola malik olduğunu söyləyib. E.Kərimlinin sözlərinə görə, bu gün “Trendyol”dan Azərbaycana gətirilən məhsullar ökədə rəqabət mühitini formalaşdırır:

“Bu, sahibkarların gəlirlərinə mənfi təsir göstərsə də, digər tərəfdən istehlakçıların mənafeyinə daha yüksək təsir göstərir. Əsasən də, geyim və elektron avadanlıqların satışı sektorlarında çalışan sahibkarların fəaliyyət istiqamətində bu çətinliklər özünü daha çox büruzə verir. Sahibkarlarımız yaxşı olar ki, ya istehsala üstünlük versinlər, ya da fəaliyyətlərini daha da genişləndirsinlər və diversifikasiya etsinlər. Çünki dünyada artıq rəqəmsallaşma və elektron ticarətə keçid sürətlənib”.

Bu gün rəqabətə və transformasiyaya hazır olmayan sahibkarların müxtəlif əngəllərlə qarşılaşacağını deyən E.Kərimli onları yeni trendləri izləməyə çağırıb: “Dünyada gedən yeni trendlərlə ayaqlaşmayan sahibkarların iqtisadi fəaliyyətlərində müəyyən əngəllər qaçınılmaz olacaq. Buna görə də hesab edirəm ki, sahibkarlarımız daha çox elektron ticarətə üstünlük verməli və trendləri izləməlidirlər”.

İqtisadçı-ekspert Eldəniz Əmirov isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, elektron ticarətin inkişaf etməsi hər hansı bir narahatlığa səbəb olmamalıdır.

O qeyd edib ki, yerli satışı həyata keçirən sahibkarlar xidmətin yeni formasını istifadəyə verməlidirlər:

“Əgər yerli bazarlarda satılan məhsulların yerli istehsal olduğunu görsək, o zaman bu tendensiya bizi narahat edə bilər. Amma onsuz da yerli bazarlarda satılan məhsulların böyük qismi xarici istehsaldır. Ona görə də elektron ticarətin inkişaf etməsi hər hansısa bir narahatlığa səbəb olmamalıdır. Sadəcə olaraq yerli satışı həyata keçirən sahibkarlar xidmətin yeni formasını istifadəyə verməlidirlər”.

Elektron ticarətlə mübarizə formatında bir xidmət formasının düşünülməsini deyən ekspert bildirib ki, artıq yerli istehsal müəssisəsini yaratmaq lazımdır:

“Düzdür, bu, heç də asan məsələ deyil. Amma nədənsə başlamaq lazımdır. İnsanlar xaricdən məhsulu onlayn formada sifariş verirlər və buna görə də mağazaların pul qazanmadığını iddia etmək yanlışdır. Əsas məsələ çoxluğun mənafeyidir. Yəni 3-5 min sahibkar mal sata bilmir deyə, 10 milyon insanın əlverişsiz şərtlərlə yerli bazardan məhsul alması və buna məcbur edilməsi doğru deyil. Buna görə də hər hansısa bir onlayn ticarətin qarşısının alınmasına yönəlik addım gözlənilmir”.

 

Sadiq Cavadov