Rusiyada yol qəzasında həlak olan azərbaycanlı kişi və həyat yoldaşı ilə bağlı təfərrüatlar məlum olub.

İqtisadiyyat.az-ın məlumatına görə, yol qəzası Ulyanov əyalətinin Dmitrovqrad rayonunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hacıyev Feyzulla Hacı oğlu idarəetdiyi avtomobillə yol qəzasına düşərək, hadisə yerində ölüb. Onun sərnişini, həyat yoldaşı, 1994-cü il təvəllüdlü Muradova Nəcibə Murad qızı xəstəxanada dünyasını dəyişib.

Hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi "Lada Largus" markalı avtomobilin idarəetmədən çıxması göstərilir. 

Məlumata görə, onlar 10 ilə yaxındır Rusiyada yaşayırmış. Onlar əslən İmişli rayonunun Xəlfəli kəndindən olsalar da, Rusiya vətəndaşı olublar. F.Hacıyev Rusiyada biznes fəaliyyəti göstərirmiş. Onların iki qız övladı var.

Hər iki soydaşımızın nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.