"Qarşıdakı dövrdə metroda gedişhaqqında artım gözlənilmir".

Bu sözləri metroda gedişhaqqının artacağı ilə bağlı müzakirələrə münasibət bildirən iqtisadçı Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, metroda gedişhaqqının artımı üçün ciddi səbəb yoxdur: "Ona görə də cəmiyyətdə gedən müzakirələrə fikir verməmək lazımdır. Bir neçə il öncə metroda bir sərnişinin daşınmasının maya dəyərinin 1 manat 50 qəpik olması ilə bağlı məlumatlar yayılmışdı. Bu baxımdan 68 qəpik çox insaflı rəqəmdir. Düşünmürəm ki, qurum rəsmisinin məlum açıqlamasından sonra hansısa qiymət artımından söhbət getsin. Çünki sərnişindaşımada maya dəyəri də əvvəlki illərlə müqayisədə aşağı düşüb".

Metopolitendə yaranan kəsirlərə də toxunan Xalid Kərimli deyib ki, bu kəsirlər dövlət tərəfindən ödənir: "Metropoliten sərnişindaşınması sayəsində əldə edə bildiyi gəliri götürür. Qalan məbləğ isə subsidiya formasında dövlət tərəfindən qarşılanır. Yəni hökumət adambaşına ən azı 28 qəpiyi ödəyir. Bütün hallarda dövlət qurumları hesabatları şəffaf şəkildə tərtib etməlidir ki, cəmiyyətdə də çaşqınlıq yaranmasın. O cümlədən, hökumət tərəfindən də nöqsanlar aşkarlanmasın".

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpiyə başa gəlib. Bu açıqlama isə cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib. Bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gedişhaqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.

Sonradan "Bakı Metropoliteni" QSC metroda gedişhaqqının 70 qəpik olacağı barədə yayılan məlumatlara münasibət bildirib. Qeyd edilib ki, qurumun qiymət artırmaq kimi səlahiyyəti yoxdur və bu məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətindədir

Gülşən Şərif