"Rusiyanın Ukrayna ilə bağlı atəşkəs təklifinin qəbul edilməsi münaqişələrin dayandırılmasını və danışıqların başlanmasını təmin edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 24-cü sammitində çıxışı zamanı deyib.

"Rusiya Ukraynadakı böhranlı vəziyyətin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Bu böhran Ukraynanın müttəfiqlərinin, xüsusilə də ABŞ-nin siyasəti nəticəsində yaranıb. Biz dəfələrlə bu problemə görə həll yolları təklif etmişik. ŞƏT ölkələri Ukrayna probleminin həlli ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır”, - deyə o qeyd edib.

Çıxışında ŞƏT-ə üzv ölkələr arasında tərəfdaşlıq əlaqələrinin vacibliyinə də diqqət çəkən Putin Rusiyanın ŞƏT ölkələri ilə ticarət həcminin artdığını bildirib:

"Ölkələrimiz ödənişlərdə milli valyutalardan istifadə payını artırır. Bu ilin ilk 4 ayında Rusiyanın təşkilat üzvləri ilə milli valyuta ilə ticarət əməliyyatlarının payı 92 faiz artıb".

 

Gözəl Həşimova