"Azərbaycan və Ermənistan sülhə yaxınlaşdıqca, Moskva prosesdə öz rolunu artırmağa çalışır".

Bu sözləri İqtisadiyyat.az saytına açıqlamasında YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib. 

"Aydın məsələdir ki, tərəflər artıq sülhə doğru xeyli yaxınlaşıblar. Xüsusən tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını açıq şəkildə bəyan etməsi artıq ən ciddi problemin həll olunduğunu göstərir. 

Paşinyanın bir neçə gün əvvəl Qarabağı Azərbaycanın tərkibində tanımasını bildirməsindən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova demişdi ki, onlar Ermənistanın fikirlərini dəqiqləşdirməsini gözləyirlər. Yəni Rusiya sanki hələ də bir ümidlə gözləyirdi ki, Ermənistan başqa cür açıqlama verər. Gözlənilən olmadı. Paşinyan təkrar parlamentdə dediklərini təsdiqlədi. ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərinin ərazi bütövlüyü ilə bağlı açıqlamalarını alqışladığını bildirdi. 

Belə olan halda Rusiyanın müəyyən dairələri üçün ara qarışdırmalı heç bir nüansı qalmadı. Ona görə də ötən gün baş tutan Avrasiya İqtisadi İttifaqının iclasında Rusiya prezidenti Vladimir Putin bildirdi ki, “bütün MDB ölkələri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını istəyir”. 

Çünki artıq Azərbaycan və Ermənistan arasında münaqişənin olması Rusiyaya da heç nə vermir. Əvvəl silah sata bilirdisə, indi birincisi özünə silah çatdıra bilmir, ikincisi isə Ermənistan və Azərbaycan başqa ölkələrdən silah alırlar. Belə olduqda Rusiyaya münasibətlərin normallaşması, iqtisadi və  nəqliyyat əlaqələrinin bərpa olunması daha çox sərf edir. Bu həqiqətən də cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, nəinki Azərbaycana, bütün regiona faydalıdır. 

Artıq tərəflər bu yolda sürətlə irəliləyirlər. Rusiya da çalışır ki, heç olmasa sülh prosesində iştirakı ilə yadda qalsın, tərəflər ona çox sağ ol desin. 

Lakin, bu prosesdə Vaşinqton və Brüsselin səylərini də unutmamalıyıq".