Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı erməni işğalından azad olunan və Azərbaycan dövləti tərəfindən yenidən qurulan Füzuli şəhərinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 150 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Bugünki köç karvanı Bakı şəhərindən 32 (122 nəfər), Sumqayıt şəhərindən 5 (22 nəfər), Şirvan şəhərindən 1 (3 nəfər), Füzuli rayonundan 1 ailə (3 nəfər) olmaqla yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət olub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 37 ailə Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən, Şirvan şəhəri və Füzuli rayonundan olan 2 ailə isə məskunlaşdıqları ərazidən yola salınıblar.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 744 ailənin, yəni 2839 nəfərin məskunlaşması təmin edilib.

***

08.06

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

İqtisadiyyat.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.