"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Nicat Şakirli barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində yataqxana, müəssisə əməkdaşlarının xidməti otaqları, yeməkxana, dükan, tibb-sanitariya hissəsi, yardımçı otaqlar, kitabxana, tərbiyəvi və kütləvi tədbirlərin keçirilməsi üçün otaq, cəmaşirxana və dezinfeksiya kamerası olan hamam, məhkumların şəxsi əşyalarının saxlanılması üçün anbar, cərimə təcridxanası, qonaq otağı olur. Məntəqə tipli cəzaçəkmə müəssisələrində kamera tipli otaqlar təşkil olunmur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin cərimə təcridxanasında hər biri 4-6 nəfərlik 1-3 ümumi kamera, iki nəfərlik 1-3 kamera və cərimə təcridxanası üzrə nəzarətçi üçün otaq təşkil olunur.

Cərimə təcridxanası digər tikililərdən bütöv hasarla ayrılır. Əhali yaşayan ərazidə yerləşən məntəqə tipli cəzaçəkmə müəssisələrinin binaları nəzarət-buraxılış məntəqəsi olan hasarla əhatə olunur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin sərhədləri müəssisənin yerləşdiyi yer və məhkumlar tərəfindən görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının ədliyyə nazirinin əmri ilə müəyyən edilir. Lakin bütün hallarda bu sərhəd müəssisənin yerləşdiyi yerin mərkəzindən radius üzrə 10 km artıq olmayan məsafədən keçməlidir. Müəyyən edilmiş sərhədlər barədə məhkumlara imza etdirməklə elan edilir və onların şəxsi işinə tikilir.