Təhsil Nazirliyində müəllimlərin işə qəbulu imtahanının nəticələri barədə mətbuat konfransı keçirilib. “Yeni Müsavat” xəbər verir ki, mətbuat konfransında imtahan verənlərin və uğur qazanan namizədlərin sayı açıqlanıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, builki müəllimlərin işə qəbulu imtahanlarında 41 288 namizəd iştirak edib:

“Onlardan 18 881 namizəd (46%) uğur qazanaraq növbəti mərhələyə keçib. Uğur qazanan namizədlər arasında 3 nəfər maksimal (60 bal) nəticə göstərib. Bu il imtahanlarda 21 375 namizəd ilk dəfə, 19 913 namizəd isə təkrar olaraq iştirak edib. Bəzi namizədlər keçən il bir fəndən, bu il isə digər yaxın fəndən imtahan veriblər. Təkrar iştirak edən namizədlərin əksəriyyəti keçənilki nəticələrdən daha yüksək nəticə qazanıb”.

Məhəbbət Vəliyeva namizədlərə ixtisas seçimi edərkən diqqətli olmağı tövsiyə edib. O bildirib ki, namizədlər məktəb seçimi etməzdən əvvəl yaxşı düşünməlidirlər: “Namizədlər qərar verməzdən əvvəl fikirlərini dəqiqləşdirsinlər. Yaxşı olar ki, onlar məktəblər haqqında əvvəlcədən məlumatlı olsunlar. Çünki namizədlər tanımadığı məktəbi seçir və son anda imtina edirlər. Nəticədə isə digər namizədin həmin yer üçün qəbul şansı azalır”.

M.Vəliyeva qeyd edib ki, söhbət daimi əsaslarla olan vakant yerlərdən gedir: “İmtina hallarından sonra növbəti yeri seçən namizəd daimi əsaslarla deyil, ancaq müddətli müqavilə işləyə bilmək şansı əldə edir”.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib ki, müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən ediblər: “Bunlardan 20-si Azərbaycan bölməsində, 9-u rus bölməsində olub. Bu suallar ümumi sualların 0, 54 faizini təşkil edib. Texniki qüsur dedikdə, imtahan sessiyası zamanı həmin sualın məzmununda səhvin olması (15 sual), bir suala iki düzgün cavabın uyğun gəlməsi (5 sual), eyni sualın eyni imtahan sessiyasında təkrar verilməsi (1 sual) və digər (8 sual) hallar nəzərdə tutulur”.

M.Camalzadə qeyd edib ki, imtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq və namizədin balına hesablanmasında nəzərə alınacaq: “Bununla yanaşı, texniki qüsuru olan sualların məzmunu açıqlanacaq və onlarda olan qüsur izah olunacaq”.

Nazirlik rəsmisi əlavə edib ki, yekun nəticələr iyulun 26-dan hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək: “İyulun 27-dən başlayaraq namizədlər şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciət edə bilər. Həmin müraciətlər iyulun 29-na qədər qeydiyyata alınacaq. Müraciətlərin nəticələri avqustun 6-na qədər şəxsi səhifəyə göndəriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsi avqustun 7-dən açıq elan ediləcək. Bu il müsabiqəyə ilkin olaraq təxminən 7000 vakant iş yerinin çıxarılması gözlənilir”.

Camalzadə onu da qeyd edib ki, bu il müəllimlərin işə qəbulu imtahanlarında 33 namizədin imtahan nəticəsi ləğv edilib: “Onların imtahan nəticəsinin ləğvinə səbəb imtahan qaydalarını pozmasıdır. Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizədlə danışmadır. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefonla deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün bu hallara görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib”.