Rəsmi məlumata görə, Azərbaycanla İsrailin ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 1 milyard 113 milyon 106 min dollar dəyərində olub. Eyni zamanda Azərbaycan bu ilin yanvar-avqust aylarında İsrailə 1 milyard 88 milyon dollar dəyərində 1,8 milyon ton neft ixrac edib. Bu, onu göstərir ki, Azərbaycan-İsrail ticari əməkdaşlığı kifayət qədər yüksək səviyyədədir.

Maraqlıdır ki, hazırda İsraildə hökm sürən müharibə şəraiti iki ölkənin iqtisadi əməkdaşlığına necə təsir edəcək?

Bununla bağlı İqtisadiyyat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc açıqlama verib.

O bildirib ki, İsraildə baş verən müharibənin uzunmüddətli olacağı gözlənilmir, çünki HƏMAS terrorçu qruplaşmadır. 

V.Orucun sözlərinə görə, İsrail ən qısa zamanda öz mütəffiqlərinin dəstəyi ilə bu qruplaşmanın qarşısını alacaq. Ona görə də hazırkı vəziyyətin iqtisadi əməkdaşlıqlara ciddi təsir edəcəyi ehtimalı aşağıdır.

"Hesab edirəm ki, Azərbaycan-İsrail iqtisadi əməkdaşlığında hansısa problem yaranmayacaq. Bölgədə münasibətlər aydınlaşandan və HƏMAS-ın hücumu dəf edildikdən sonra iqtisadi münasibətlər əvvəlki qaydada davam edəcək. Azərbaycan-İsrail münasibətləri tarixi və qarşılıqlıdır. Ona görə də bu iki ölkənin münasibətlərini hansısa problem sarsıda bilməz. İsrail kənd təsərrüfatının inkişafına görə dünyada öncül yerlərdən birini tutur. Azərbaycanda da bu sahəyə çox böyük diqqət yetirilir. Bu və digər istiqamətlər üzrə Azərbaycanın İsraillə əməkdaşlığı yüksək səviyyədədir. Qarşıdakı dövrlərdə bu əməkdaşlıq artan temp üzrə davam edəcək", - deyə Vüqar Oruc vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. HƏMAS-ın terror hücumundan sonra İsraildə fövqəladə vəziyyət elan olunub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib. Nəticədə bir çox beynəlxalq uçuşların ləğv edilməsi ilə yanaşı, bir sıra sahələrdə xidmət dayandırılıb. Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda “Brent” və WTI markalı neftin qiymətləri 4% bahalaşıb.

Gülşən Şərif