Bu gün Azərbaycan vəkilliyinin yaranmasından 100 il ötür. Vəkillər Kollegiyasının sədri Anar Bağırov, digər ictimai-siyasi xadimlər də hüquq müdafiəçilərinin 100 illik yubileyini təbrik ediblər.

İqtisadiyyat.Az xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili də öz feysbuk hesabı vasitəsilə Azərbaycan vəkillərini yubiley münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzu edib:

“Bu gün Azərbaycan vəkilliyinin yaranmasından düz 100 il ötür. Vəkilliyimiz bu 100 ilində çox sınaqlar keçdi, çətin və iztirablı bir yol qət etdi. 1995-ci ildə qəbul olunan Konstitutsiya müstəqil dövlətimizin hüquqi dəyərlərini, fəaliyyət istiqamətini və hüquqi çərçivəsini müəyyən etdi. Müstəqillik illərində də çətin sınaqlardan keçən Azərbaycan vəkilliyi getdikcə dövlətçilik məfkurəsi və vətəndaşlara xidmət fəlsəfəsi ilə sürətlə inkişaf etməkdə və hüquqi çərçivələrdə öz yerini möhkəmlətməkdədir. Görüləsi xeyli işlər, keçiləsi uzun yol var. Bu yolda olan bütün vəkillərin bayramını təbrik edir, onlara bu mühüm missiyada uğurlar arzu edirəm!”.

Qeyd edək ki, 30 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Andlı Vəkillər Palatası fəaliyyətə başlayıb. O vaxtdan bu tarix vəkillərin peşə bayramı günü kimi qeyd olunur.

 

Mehman Nəbiyev