Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluqdan İqtisadiyyat.az-a daxil olan məlumatda deyilir:

"Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş  məlumatların ictimailəşdirilməsini xahiş edirik".

***

15.53

Bu gün Gəncə şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib. 

İqtisadiyyat.az Sfera.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.