Əməkdar müəllim Almaz Həsrət yanlış ixtisas seçiminin qarşısının alınması istiqamətində Dövlət İmtahan Mərkəzinə (DİM) təklif də irəli sürüb. İqtisadiyyat.Az müəllimin öz feysbuk hesabında paylaşdığı təklif mətnini təqdim edir:

“Hesab edirəm ki, DİM tərəfindən yüksək bal toplayan, lakin istədiyi ixtisasa daxil olmaq üçün balı çatışmayan abituriyentlər üçün növbəti ilin imtahanında iştirak etmək üçün xüsusi bonuslar təklif oluna bilər. Misal üçün əgər gənc 400 bal toplayıbsa və onun istədiyi ixtisasın balı 500 olduğu üçün ali məktəbə bu il qəbul ola bilmirsə, o zaman həmin abituriyenlər növbəti il imtahan verəndə bu il topladıqları 400 balın hər 100 balına 25 bal (rəqəm dəyişə də bilər) bonus əldə etmiş olsunlar. Yəni bu il qəbul olmayan abituriyent artıq biləcək ki, növbəti il imtahan verəndə onun 100 bal bonusu var. Əgər gənc imtahandan 450 bal toplayar və üzərinə də həmin 100 bonus gələrsə, o zaman abituriyent istədiyi ixtisası sərbəst şəkildə seçmək imkanı qazanar.

Almaz Həsrətin fikrincə, bu mexanizm nəticəsində abituriyentlər istəmədikləri ixtisasda təhsil almaqdan qurtulmuş olacaqlar ki, bu da gələcəkdə ölkə üçün istedadlı kadrların ərsəyə gəlməsinə müsbət töhfə verəcək: "Belə olan halda, kifayət qədər bal toplamayan abituriyentlər imtahan verdikləri il istəmədiyi ixtisasda təhsil almaqdansa, daha da hazırlaşıb növbəti ildə yüksək nəticə əldə etmək, eləcə də bonusundan yararlanmaqla istədiyi peşəyə yiyələnməyə üstünlük verəcək. Bu, həm övladlarımızın məcburiyyət qarşısında qalıb mütləq şəkildə bu il ali məktəbdə oxuyum fikrindən daşındırmaqla yanaşı, həm də Azərbaycan elmində peşəkarların sayının artmasına şərait yaradacaq”.

Təkliflə bağlı abituriyentlər arasında sorğu apardığını deyən A. Həsrət onun gənclər tərəfindən müsbət qarşılandığını dilə gətirib.

 

Mehman Nəbiyev