Vətəndaşları oturduqları yerdə işə salan, adətən qadın əməkdaşlarından istifadə edib, evlərə məcburi şəkildə soxularaq su filtirləri satan şirkətlərdən biri də “Dinamic Ocean”dır. Təsəvvür edin, su filtri almaq fikriniz yoxdur, lakin bu “mötəbər” şirkətin əməkdaşları sizə ardıcıl zənglər edir, ünvanınıza gəlir, filtr quraşdırma fikrini beyninizə yeridir. Hətta o şəkildə ki,insan şirkət əməkdaşlarının həyasızlığından ar edir, məcbur su filtiri alır. Əsasən də filtr almağa sövq edilən alıcılar yaşlılar, bazardan az məlumatlı insanlar olur. Tam da saytımıza üz tutan şikayətçi kimi...

Belə ki, “Dinamic Ocean” şirkətinin əməkdaşları dəfələrlə Pirşağı qəsəbəsində yaşayan Qarabağ əlili Əjdər Zeynalova zəng edərək, su filtri almağı tövsiyə ediblər. Vətəndaş hər dəfə etiraz etsə də, buna məhəl qoymayan satıcılar şikayətçinin evinə gəlib, “sınaq prosesi”ni həyata keçiriblər. Nəticə etibarilə Əjdər Zeynalov məcbur qalaraq su filtrini alıb. Ən acınacaqlısı isə şirkət əməkdaşları su filtrini vətəndaşa 2400 manat qiymətə təklif ediblər və endirimlə 1690 manat kreditlə razılaşıblar. Müqaviləyə əsasən, vətəndaş Əjdər Zeynalov 202 manat ilkin ödənişlə, 62 manatdan 24 ay müddətində ödənişi bitirməlidir. Lakinşikayətçi su filtrlərinin qat-qat ucuz olduğunu öyrəndikdən sonra məhsulu qaytarmaq istəyib. Şirkət isə nəinki məhsul qaytarmağa razılaşıb, hətta vətəndaşı cərimələyəcəyi barədə hədə-qorxu da gəlib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə əlaqədar İqtisadiyyat.Az-a bildirib ki, adı çəkilən şirkətdən çox sayda oxşar şikayətlər daxil olur:

“Azərbaycanda 20-dən çox su filtri satışı ilə məşğul olan şirkət var. Bəziləri insanlara zəng vuraraq satış həyata keçirir. “Dinamic Ocean” bu işdə “qabaqcıllıq” edir. Bəziləri də internet üzərindən reklam edərək, satırlar. Mənə bu barədə edilən sonuncu şikayət, gecə saat 22:00, 23:00-da vətəndaşın yuxulu olmasından istifadə edib, məhsul satmaq istəyən şirkət əməkdaşlarından olub. Nağd pul varsa, yerində pulu alırlar, yoxdursa müqavilə imzalatdırırlar. İstehlakçının 14 gün ərzində malı dəyişmək və ya qaytarmaq hüququ var. Bağlanılan müqavilələrdə də əcaib şərtlər qoyulur, qaytarsa məhkəməyə veriləcək və.s. Həmçinin bizdə olan məlumata görə, nağd ödəniş zamanı da kassa çeki vermirlər, vergidən yayınma var. Çox təəssüflər olsun ki, “Azərsu” onları reklam edən şirkət qruplarına qarşı heç bir tədbir görmür. Mən dünyanın ən təmiz suyu olan, heç yerdə satılmayan “Zəm-zəm” suyu gətirmişəm, Nyu-Yorkdan, Rusiyadan təmiz sular gətirib həmin onların etdiyi ekspertizadan keçirtmişəm. Onların ekspertizasının tamamilə yanlış olduğunu görmüşəm. Həmin bu istehlakçı da bizə ərizə ilə müraciət edərsə, biz heç bir təmənnasız onun haqqını tələb edəcəyik”.

Şikayətlə əlaqədar “Milli Hüquq Evi”nin rəhbəri Nicat Gözəlov da məsələnin hüquqi tərəfindən danışıb. O, bildirib ki, imzalanmış müqavilə standart müqavilədir və yalnız satıcı tərəfindən tərtib olunur:

“Müqavilə satıcı tərəfindən standart şəkildə yazılıb. Qeyd olunur ki, alıcı qiymətlə razıdır və sonradan qiymət mübahisəsi edə bilməz. Alıcı da bu bəndə fikir vermədən, aldanaraq  qol çəkib razılaşıb. Düşünürəm ki, bu müqavilə ilə məhkəməyə müraciət edilsə də, vətəndaş üçün müsbət nəticə əldə olunması bir az çətin olacaq”.

Sonda məsələ ilə bağlı bu qənaətə gəlmək olar ki,filtiri 2 gündür alan Qarabağ əlili Əjdər Zeynalov qanunda olduğu kimi 14 günün yerdə qalan 12 günündən istifadə edərək, su filtirini qaytarıb, ödənişini geri ala bilər. Bu kimi problemlə qarşılaşan istənilən vətəndaşın Azad İstehlakçılar Birliyinə ərizə ilə müraciət edərək, bu bəladan qurtulmaq şansı var.

Qeyd edək ki, şikayətlə əlaqədar “Dinamic Ocean MMC” ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Mehman Nəbiyev