Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsi quruma üzv olan ölkələrdə orta aylıq əmək haqqının məbləğini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanla bağlı açıqlanan məlumatlar Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarla üst-üstə düşmür.
MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı sonuncu məlumatına görə bu ilin yanvar-may aylarında 593,8 manat olub. Halbuki Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bu ilin yanvar-may aylarında Azərbaycanda orta aylıq əmək haqqının 583,7 manat olduğu göstərilib. Göründüyü kimi iki göstərici arasında 10,1 manat fərq var.
Məlumat üçün bildirək ki, MDB Dövlətlərarası Statistıka Komitəsi quruma üzv olan ölkələrdəki orta aylıq əmək haqqı barədə məlumatları ölkələrin statistika qurumları tərəfindən göndərilən rəqəmlərə əsasən açıqlayır.
Açıqlanan rəqəmlər arasında belə bir fərq iki halda baş verə bilər: ya məlumatlar göndərilərkən səhv edilib, ya da göndərilən məlumatlar sonradan səhv paylaşılıb.
Onu da bildirək ki, MDB Dövlətlərarası Statistıka Komitəsinin quruma üzv olan digər ölkələrlə bağlı məlumatları həmi qurumların açıqladığı məlumatlarla üst-üstə düşür. Səhv rəqəmlər yalnız Azərbaycanla bağlıdır.
Eyni zamanda onu da qeyd edək ki, bugünə kimi MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı məlumatlarda bu cür səhv qeydə alınmayıb.
MDB-yə daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqının məbləğinə gəldikdə isə qeyd edək ki, hər zaman olduğu kimi bu dəfə də Rusiya ilk sırada qərarlaşıb. Rusiyada orta aylıq əmək haqqı 767 dollara (49 min 840 rubl) bərabər olub. Ermənistanda isə bu göstərici 377 dollar (179 min 519 dram) olub.