"Paytaxtımızdakı yaşayış binaları, demək olar ki, 6 bala qədər olan zəlzələlərə davamlıdır".

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, səhər saatlarında baş vermiş zəlzələ paytaxtımızdakı hər hansı bir yaşayış binlarında ciddi fəsadlar törədəcək gücə malik deyil:

"Dağıntı baş verməsi üçün zəlzələnin maqnitudası ən azı 6 bal və ondan yuxarı olmalıdır. 6 bala qədər olan zəlzələlərə Bakıdakı binalar, demək olar ki, tab gətirə bilirlər. Məsələn, ötən illərdə Bakıda 6 baldan yüksək zəlzələ olanda binalarda dağıntı qeydə alınmamışdı".

Ekspert köhnə və yeni tikililərin zəlzələyə davamlılığından da danışıb. O bildirib ki, yeni tikililərdə davamlılıq köhnələrdən daha yüksəkdir: "Qəzalı binların vəziyyətinə gəldikdə isə müvafiq icra orqanları və Fövqəladə Hallar Nazirliyi respublikadakı qəzalı binaların sayını dəqiq bilir".

R.Osmanlı sonda vətəndaşları baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumatlara istinad etməyə və soyuqqanlı olmağa çağırıb.

Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir. 

 

Sadiq Cavadov