Bir neçə gün öncə Milli Məclisin iclasında parlamentin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Bakıda və regionlarda ipoteka şərtləri eyni olmamalıdır. Gənclərin regionlarda qalması üçün bəzi güzəştlər müəyyən edilməlidir. Maraqlıdır ki, daxili imkanlar hesabına regionlar üzrə ipoteka şərtləri hansı formada dəyişdirilə bilər?

Bu mövzuyla bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı İqtisadiyyat.az-a bildirib ki, paytaxt ilə müqayisədə regionlarda ipoteka kreditlərinin faiz dərəcəsi ən azı iki dəfə aşağı olmalıdır.

O hesab edir ki, reallıqda rayondakı vətəndaşların gəlirləri Bakıda yaşayan insanların gəlirlərindən bir neçə dəfə aşağıdır. Bundan başqa, sosioloq regionlarda yeni iş yerlərinin açılmasını da vacib sayır.  

Onun sözlərinə görə, əvvəllər sadələşmiş vergi dərəcəsi üzrə regionla paytaxt arasında 2 dəfə fərq var olub. Lakin son dövrlərdə Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra bölgələrdə və Bakıda faiz dərəcəsi 2 faiz təşkil edib:

"Nəticədə Bakının mərkəzində çox bahalı yerdə obyekti olan kiçik sahibkar sadələşmiş vergi üzrə 2 faiz vergi ödədiyi kimi, Zərdabın hansısa ucqar kəndində kiçik dükanı olan sahibkar da eyni faizli vergi ödəməlidir. Bu, ədalətli yanaşma deyil. Əgər bölgələrdə yaşayan digər vətəndaşların Bakıya kütləvi axın etməsini istəmiriksə, bu halda regionlarda bütün növ vergilər və digər sosial məsələlərdə dəyişikliklər edilməlidir. Bölgələrdə üstün şərait yaradılmalıdır ki, insanlar yeni istehsalat obyektləri açmağa maraqlı olsunlar. Bu, regionlarda canlanmaya və iqtisadi artıma səbəb ola bilər". 

E.Bayramlı deyir ki, regionlarda iqtisadi aktivliyin artması Bakının yükünü də azalda bilər. O, bu gün paytaxtın normadan dəfələrlə çox yükləndiyini və kritik bir vəziyyətin yarandığını söyləyib.Bununla yanaşı rayonlarda iqtisadi passivliklə yanaşı, demokrafik göstəricilərin də aşağı düşdüyünü qeyd edib:

"Bu problemin qarşısını almaq üçün kompleks tədbirlər görülməli və "Kəndə qayıdış" proqramı tətbiq olunmalıdır. Xüsusən də kənd yerlərində istehsalat gücü və  torpaq sahələri olan vətəndaşlar 5 il müddətinə vergidən azad olunmalıdır. Torpaq, su, gübrə və digər xidmətlər üzrə güzəştlər tətbiq olunmalıdır. Bir sözlə, ölkənin iqtisadi potensialından düzgün istifadə olunmalıdır". 

Qeyd edək ki, indiyə kimi Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 47 mini keçib. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 47 007 borcalana 2 milyard 802,6 milyon manat kredit verib. Eyni zamanda indiyə qədər 377,754 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 005 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Gülşən Şərif