Geodeziya ölçmə işlərinin aparılması məqsədilə yaradılan Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyalarına (“AzPOS” - Azerbaijan Positioning Observation System) qoşulmaq üçün müraciətlərin və sənədlərin qəbuluna başlanılıb.

İqtisadiyyat.Az Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadla xəbər verir ki, elektron xidmətdən istifadə etmək üçün www.e-emdk.gov.az və ya Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) www.e-gov.az təqdim etdiyi elektron xidmətlərin siyahısından “Geodeziya ölçmə işlərinin aparılması məqsədilə Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stasiyalarına qoşulmaq üçün müraciətlərin və sənədlərin qəbulu” elektron xidmətini seçmək lazımdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci il 14 sentyabr tarixli Fərmanına əsasən, “AZPOS” sisteminin məlumatlarından istifadə olunur. Hazırda Azərbaycanda ən müasir texnologiyalar əsasında fasiləsiz fəaliyyət göstərən 37 stansiya mövcuddur. “AZPOS” Azərbaycan ərazisində kadastr-ölçü işlərində tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. Bu stansiyalar Azərbaycan ilə Dünya Bankının birgə həyata keçirdiyi “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində quraşdırılıb. “AZPOS” şəbəkəsi məlumatları real vaxt rejimində Differensial Qlobal Naviqasiya Peyk sistemi vasitəsilə emal etdikdən sonra elektron formada ötürür. “AZPOS” sisteminə qoşulmaq istəyən hüquqi və fiziki şəxslər rəsmi şəkildə Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə müraciət etdikdən sonra sənədləşmə prosesi başa çatan kimi qısa vaxt ərzində istifadəçi adı və şifrə ilə təmin edilirlər.