Azərbaycanlı alimlər müasir seleksiya yolu ilə yeni kartof sortları yetişdiriblər. 

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə "azərtac"-a Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə heyətinin sədri Elmar Allahverdiyev məlumat verib.

“Yeni sort kartof sortlarının alınmasında xarici mənşəli toxumlardan istifadə olunub. Həmin toxumlar mikroklonal üsulla əldə olunub və laboratoriya şəraitində vurusdan təmizlənib. Yetişdirilən kartof sortlarına “Turan”, “Uğur”, “Vaqif” və “Çənlibel” adları verilib”, - deyə E.Allahverdiyev bildirib.

Səkkiz ildir bu istiqamətdə işin aparıldığını bildirən İdarə heyətinin sədri vurğulayıb ki, tədqiqat işləri son 3 ildə yeni müasir metod və vasitələrdən istifadə edilməklə intensivləşdirilmişdi və artıq bu iş öz bəhrəsini verib.

Qeyd edək ki, “Turan” sortu tezyetişəndir. Vegetasiya müddəti (kütləvi çıxışdan yığıma qədər) 80-90 gündür. Rəngi açıq sarı, forması təpə tərəfdən incəlmiş uzunsov (armuda bənzər), səthi torşəkill, ləti krem rənglidir. Nişastanın miqdarı 23,8 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 380,0-460,0 sentner/hektardır. Saxlanmaya orta davamlıdır. 

“Uğur” sortu orta tezyetişəndir. Vegetasiya müddəti 90-95 gündür. Rəngi açıq qırmızı, forması yumru, səthi hamar, ləti krem rənglidir. Nişastanın miqdarı 23,7 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-90 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 360,0-450,0 sentner/hektardır. Saxlanmaya orta davamlıdır. 

“Vaqif” sortu tezyetişəndir. Vegetasiya müddəti 85-90 gündür. Rəngi sarı, forması yumru oval, səthi torşəkilli, ləti açıq sarı rənglidir. Nişastanın miqdarı 14,5 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 380,0-450,0 sentner/hektardır. Saxlanmaya orta davamlıdır. 

“Çənlibel” sortu ortayetişəndir. Vegetasiya müddəti 95-100 gündür. Yumrunun rəngi açıq sarı, forması yastı yumru, səthi hamar, ləti açıq sarı rənglidir. Nişastanın miqdarı 21,8 faizdir. Əmtəəlik yumrunun çəkisi 80-100 qramdır. Məhsuldarlığı suvarılan şəraitdə 350,0-440,0 sentner/hektardır. Saxlanmaya orta davamlıdır.