Bu ilin yanvar-mart aylarında ölkə üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib və bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9% azdır.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilən gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1% azalaraq 377,7 min olub. Gecələmələrin 15,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 13,1%-i Rusiya, 7,1%-i İran, 6,1%-i Türkiyə, 5,9%-i Hindistan, 5,5%-i Səudiyyə Ərəbistanı, 3,9%-i Küveyt, 2,9%-i Böyük Britaniya, 2,6%-i Pakistan, 2,3%-i Qətər, 2,1%-i İsrail, 2%i İraq, 1,9%-i ABŞ, 1,7%-i Qazaxıstan, 1,3%-i Oman, 1,1%-i Ukrayna, 0,9%-i Almaniya, 0,7%-i Bəhreyn, 23,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Azərbaycan vətəndaşları üzrə keçirilən gecələmələrin sayı 2018-ci illin yanvar-mart ayları ilə müqayisədə 14,6% artaraq 167,7 minə çatıb.

Cari ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5% az və ya 71,3 milyon manat olub ki, onun da 62,3%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2019-cu ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 15,7% təşkil edib. Bu göstərici Naftalanda 42,6%, Şəmkirdə 38,2%, Beyləqanda 27,8%, Bakıda 27,7%, Qusarda 22,8%, Naxçıvanda 21,5%, Qəbələdə 20,7%, Şirvanda 16,3%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (16,4%) mart ayında qeydə alınıb.