2019-cu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 5 milyard 439,7 milyon manat, xərcləri isə 5 milyard 35,9 milyon manat olub. İqtisadiyyat.Az xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumata görə, dövlət büdcəsinin profisiti 403,8 milyon manat təşkil edib. Büdcənin mədaxili 2018-ci ilin müvafiq rübü ilə müqayisədə 876,3 milyon manat və ya 19,2 faiz çoxdur. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 milyard 672,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 236,4 milyon manat və ya 16,5 faiz çoxdur. Həmin vəsaitin 69,1 faizi və ya 1 milyard 155,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.