Məlumdur ki, yay mövsümü ilə əlaqədar əhalinin böyük bir qismi yerli və xarici səyahətlər zamanı turizm şirkətlərinin göstərdiyi xidmətlərdən yararlanır. Nəzərə alanda ki, respublikamızda bu cür xidmətlər göstərən şirkətlərin sayı bəzən 3000-ni keçir və göstərilən xidmətlərin kəmiyyət və keyfiyyəti ildən ilə dəyişir və daha da təkmilləşir, bu zaman həmin münasibətlərin hüquqi cəhətdən düzgün tənzimlənməsi zərurəti ortaya çıxır.

Xərclənən vəsaitə uyğun tətil etmək, risklərdən maksimum sığortlanmaq üçün turpaket əldə edilən zaman nələrə diqqət yetirilməlidir?

Bununla bağlı sualları vəkil Roman Qaraşov cavablandırıb.

Onun sözlərinə görə, səfərə çıxmamışdan əvvəl hər hansı şəxs ilə turizm şirkəti arasında razılaşdığı ödəniş müqabilində istəklərinə uyğun səyahətin təşkil edilməsi məqsədilə müqavilə bağlanılır: "Müqaviləyə transfer məlumatları, otel rezervasiyası, aviabilet və səfər sığortası müqaviləsi və digər bu kimi əlavələr edilir. Hər hansı ziyandan qorunmaq, aldadılma, dələduzluq hallarından yayınmaq üçün ilk olaraq həmin turizm şirkəti haqqında kiçik araşdırma aparmanız doğru olardı. Daha sonra bağlayacağınız müqavilə ilə əlaqədar dəqiqləşdirmələr aparılmalıdır. Əvvəlcədən bilməlisiz ki, hansı aviaşirkət vasitəsilə uçuş həyata keçiriləcək, çatdığınız ölkədə transfer xidmətlərindən yararlana biləcəksinizmi, bu səfər zamanı sığortalısınızmı, hansı oteldə istirahət edəcəksiniz və burda göstəriləcək xidmətlərdən hansılar turpaketə daxildir”.

1561463731_roman-qarasov.jpg

Vəkil sonda  qeyd edib ki, əgər əvvəlcə bu məsələlər barədə vətəndaşla turizm şirkəti arasında rəsmi razılıq olsa və bütün ödəniş məbləği rəsmi qaydada edilsə, o zaman gələcəkdə müqavilə öhdəliklərini yerinə yetirməyən turizm şirkətindən maddi və mənəvi ziyana görə kompensasiya tələb oluna bilər. (azxeber.com)