Bu ilin yanvar-iyun aylarında 5 200 sahibkar “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün “Azərişıq” ASC-yə müraciət edib ki, bu da ötən ilin eyni dövrü müqayisədə 3,2 dəfə çoxdur. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

“Sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabr ayının 25-də Prezident “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərman imzalayıb və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bu, kifayət qədər ciddi islahat sayılır. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişığ”ın mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarəolunması sisteminin Elektron Hökumət portalına inteqrasiya edilməsi də sahibkarların və yaxud vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb”, - o deyib.

“2019-cu ilin ilk yarısı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən vətəndaşların da sayında 2 dəfədən çox artım olub. Belə ki, ötən ilin birinci yarısında 9500 vətəndaş evinə, bağına yaxud həyətinə işıq çəkdirmək üçün müraciət etmişdisə, bu ilin yarım ili ərzində 2075 vətəndaş elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişığ"a müraciət edib. Ümumilikdə isə “Azərişığ”ın ASAN xidmət və "ASAN Kommunal" vasitəsi ilə göstərdiyi 15 xidmət üzrə 2019-cu ilin arxada qalan yarım ili ərzində 148 min müraciət olunub ki, bu da ötən ilkindən 47 min müraciət çox deməkdir. Ötən ilin müvafiq dövründə 101 min müraciət daxil olmuşdu”, - T.Mustafayev əlavə edib.