Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kv.m sahədə yanıb.

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.

Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.