Dələduzluqda təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb. Onlar hazırda ev dustaqlığındadır. Bu işdə "Riyad" Mühafizə Xidmətinin rəisinin də adı keçir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Ziya Ələkbərli və Arif Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İttihama görə, təqsirləndirilən şəxslər bir neçə nəfərdən mənzil alqı-satqısı ilə bağlı pul alıblar. Ancaq vədlərinə əməl etməyərək onları aldadıblar. Bununla da həmin şəxslərə qarşı dələduzluq ediblər.

Məhkəmə iclasında zərərçəkmiş Ramil Quliyev ifadə verib. Zərərçəkmişin sözlərinə görə, rəisi Etibar Qasımov ona mənzil hədiyyə edib

Bildirək ki, Etibar Qasımov "Riyad" Mühafizə Xidmətinin rəisidir. Ramil Quliyev də rəisin ailə sürücüsüdür. Onun dediyinə görə, bu işdəki digər zərərçəkmiş Abdulla isə, rəisin şəxsi sürücüsüdür.

Ramil Quliyev deyib ki, rəisləri Abdullaya da mənzil hədiyyə edib. Onlar da həmin mənzilləri satmaq istəyib. Buna görə də Ziya və Ariflə görüşüblər. Razılığa əsasən hər iki mənzilə cəmi 57 min manat pul ödənməli imiş.

Lakin sonradan mənzillərin başqa sahibləri ortaya çıxdığı üçün alqı-satışı işi mümkün olmayıb.

Zərərçəkmiş Ramil Quliyev hazırda 34 min manat zərərin ödənilmədiyini deyib.

Təqsirləndirilən Arif Əliyev bu epizod üzrə ifadə verib. Deyib ki, iki mənzilə görə 57 min manata razılaşıblar: "Mən mərmər satışı ilə məşğul olurdum. Buradan alınan mənzili mərmərə dəyişib qazanc edəcəkdim. Sonra mənzilin başqa sahibi çıxdı. Şikayət edildi, ara qarışdı. Pulun 23 min manatını ödədik. Evi alanlar qaldı kənarda, bizi cəlb elədilər. Qalib və Elşad adlı şəxslərdir. Onlar da bunu etiraf edirlər. Ancaq müstəntiq onları çağırmadı".

Hakim bildirib ki, adları çəkilən şəxslər işdə şahid qismində keçir. Onlar məhkəmədə dindiriləcək.

Məhkəmə iclası iyulun 30-da davam etdiriləcək.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Arif Əliyev və Ziya Ələkbərli barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Onlar həbsdə deyil.