Qarın yağması, havaların daha da soyuması istiliyə olan tələbatı bir qədər də artırır. Bu səbəblə də evimiz isti olsun deyə adətən qapı və pəncərələri bağlayıb, qazın istilik həcmini də artırırıq. Lakin, mütəxəssislər deyir ki, bu insan həyatı üçün olduqca təhlükəlidir. Çünki tüstü bacalarının normal işləməməsi və bu kimi digər səbəblər dəm qazından zəhərlənmə hallarını qaçılmaz edir. 

Həkim, tibb üzrə fəlsəfə doktoru İlqar Tahirov dəm qazından zəhərlənmənin əlamətlərini İqtisadiyyat.az-a açıqlayıb:

- küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı;

- təngnəfəslik, quru öskürək;

- gözdən yaş axma və müvazinətin itməsi, sinə və boğaz nahiyəsində ağrı;

- öyümə, qusma, görmə və eşitmə hallusinasiyaları, ürək döyüntüsü və qan təzyiqinin artması.

Həkim eyni zamanda zəhərlənmə zamanı göstəriləcək ilkin yardımları da oxucularla bölüşüb:

– təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək;

– əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa əleyhqazlardan istifadə etmək;

– zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi süni tənəffüs vermək;

– otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək;

– həmçinin dəm qazının otağa daxil olmasının qarşısını almaq.

Qeyd edək ki, bu qaydalarla özümüzü və doğmalarımızı bu bəladan qorumuş olarıq.