Dövlət başçısının “Minimum əməkhaqqının artırılması haqqında” 18 iyun 2019 tarixli sərəncamı ilə sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40% artaraq 180 manatdan 200 manata yüksələcək. Bununla da minimum əməkhaqqının məbləği yaşayış minimumunu 40% üstələmiş olacaq. Bir sıra ekspertlər, Maliyyə naziri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri əməkhaqqı artımının bahalaşmaya səbəb olub-olmayacağı barədə açıqlamalar veriblər. Əksər ekspertlər maaş artımlarının bazara təsir göstərəcəyini və qiymət artımlarının baş verəcəyini desələr də Maliyyə naziri Samir Şərifov inflyasiya həddinin kifayət qədər aşağı səviyyədə olmasını bildirərək,bahalaşma olmayacağı bildirib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də jurnalistlərin sualına, artımların inflyasiyaya hər hansı ciddi təsir göstərməyəcəyi haqqında açıqlama verib.

Lakin, mövzu ilə bağlı İqtisadiyyat.Az-a danışan iqtisadçı alim Azər Mehdiyev, maaş artımlarının inflyasiyaya təsir edəcəyini deyib:

“Ümumiyyətlə bunu deyək ki, əməkhaqqı artımları inflyasiya üçün psixoloji olaraq mənbə formalaşdırır. Nəzərə alsaq ki, 40%-lik artımlar qədər ciddi xarakter daşıyır. Əhalinin böyük bir təbəqəsinin imkanlarını genişləndirir. Gəlirlərin artmasını istehsalın artması ilə kontentasiya olunacağını deyə bilmərik. Ona görə də əməkhaqqının 40% artımı qiymətlərin bahalaşmasına başqa sözlə desək stimul yaradır. Amma onu da nəzərə almaq lazımdır ki, əməkhaqqı artımlarının əhatə olunduğu dövlət məmurlarının bir qrupu əslində çox da gəlirli olmayan şəxslərdir. Həmin şəxslərin sosial rifahı o qədər də yüksək səviyyədə deyil. Buna görə də mövcud artımların onlara necə təsir edəcəyini dəqiq demək olmaz. Bu xüsusi araşdırma tələb edir. Qiymətləri yüksəltmək istehsalçı satış firmaları üçün əlçatan deyil.Ancaq bahalaşma bazarda qeydə alına bilər. Ehtimal da var ki, qiymət artımı baş verəcək”.

 

Mehman Nəbiyev