2016-2018-ci illər üzrə hərbi səbəblərlə əlillik təyin olunanların sayının nisbətən çoxluğu şübhə doğurduğundan müvafiq araşdırmalar aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, Səhiyyə Nazirliyi ilə birgə aparılan ilkin araşdırma zamanı bəzi hallarda vətəndaşlar tərəfindən səhiyyə müəssisələrinə təqdim olunmuş qərar və şəhadətnamələrin tarixlərinə görə qeydiyyat nömrələrində uyğunsuzluqlar olduğu müəyyən edilib. Bu baxımdan həmin şəhadətnamə və qərarların hərbi-həkim komissiyalarında olan ilkin sənədlərə uyğunluğu şübhə yaradıb. Təqdim edilmiş siyahı və hərbi-həkim komissiyaları tərəfindən verilmiş şəhadətnamə, arayış, akt və qərarların surətləri araşdırılmaqla, təkrar yoxlanılmaq üçün aidiyyəti üzrə hərbi-həkim komissiyaları fəaliyyət göstərən aidiyyəti orqanlara göndərilib.

Aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş materialların araşdırılması nəticəsində müəyyən olunub ki, 36 nəfərin əlillik təyinatının səbəb əlaqəsi əslində olduğundan fərqlidır. Eyni zamanda, 16 nəfər üzrə əlillik səbəbini təsdiq edən sənəd hərbi-həkim komissiyalarında olan ilkin sənədlərdə aşkar olunmayıb, 9 nəfərin əlillik səbəbini təsdiq edən sənədin mətni saxtalaşdırılıb.

Göstərilənlərlə əlaqədar əsassız olaraq hərbi səbəblərlə əlaqədar aparılmış əlillik təyinatları ləğv edilib və həmin təyinatlar üzrə artıq ödənilmiş vəsaitin bərpası, eyni zamanda müvafiq şəxslərin əlillik müayinələrinin etibarsız edilməsi və düzgün səbəb əlaqəsi ilə daxil edilməsi işləri aparılır, eləcə də saxtakarlıq faktlarına hüquqi qiymətin verilməsi məqsədilə materiallar Prokurorluğa təqdim edilib.