Azərbaycanın ali təhsil müəssisələrində tələbələrin təqaüdündən hər ay müəyyən məbləğdə (2 faiz) vəsaitin tutulduğu barədə məlumatlar yayılıb. Bəziləri bu vəsaitin niyə tutulduğunu və haraya xərcləndiyini bilməsələr də, tələbələrdən həmin pulun Həmkarlar İttifaqı Təşkilatı tərəfindən könüllü şəkildə tutulduğu iddia olunur. 

İqtisadiyyat.az bununla bağlı qısa araşdırma aparıb və məlum olub ki, tələbələrin təqaüdündən tutulan vəsait Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yönəldilir.

Konfederasiyadan isə sorğumuza cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində təhsil alan bütün tələbələrdən deyil, yalnız həmkarlar ittifaqı üzvü olan tələbələrdən aylıq üzvlük haqqı tutulur.

Qeyd edilib ki, bu da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nizamnaməsi ilə müəyyən olunur: "Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının xidmətində olan ali təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvü olan tələbələrindən tutulan aylıq üzvlük haqqı ittifaqın Nizamnaməsi ilə müəyyən olunur. Bu vəsait təhsil alan tələbələrin sosial-müdafiəsinə, mədəni-kütləvi tədbirlərin keçirilməsinə, idman və intellektual yarışların təşkilinə, aztəminatlı ailələrdən olan tələbələrin gündəlik yemək xərclərinə, yaxşı və əla qiymətlərlə oxuyan fəal tələbələrə adlı təqaüdün təyin olunmasına, ehtiyacı olan tələbələrə birdəfəlik yardım verilməsinə, ali məktəb tələbələri arasında keçirilən müxtəlif müsabiqələrin, yarışların qaliblərinə hər təqvim ilinin əvvəlində tərtib və təsdiq edilmiş smeta əsasında xərclənir".

Sadiq Cavadov