Xəbər verildiyi kimi bu gün səhər saatlarında Sabirabad rayonunun mərkəzi bazarında güclü yanğın baş verib. Bazarın girişində yerləşən  Əmin marketin mərkəzi ofisinin anbardan başlayan yanğın əvvəlcə yaxınlıqdakı “Çıraq marke”-ə, daha sonra mağaza və piştaxtalara keçib.

Hadisə şahidləri virtualaz.org-a bildiriblər ki, yanğın tezdən təxminən saat 7-də baş verdiyindən sahibkarlar gec xəbər tutublar. Buna görə də malları yanğın yerindən çıxara bilməyiblər. “Bir-iki kisə un, qənd çıxarıblar, o da tüstüdən qaralıb, nə satmaq olmaz, nə də işlətmək”,-şahidlərdən biri danışıb. 

“Əmin market” rayonun ən böyük ticarət şəbəkəsidir. Bildirilir ki, yanğın nəticəsində mağazaya ən azı 100-150 min manat zərər dəyib. Çıraq və digər mağazaların da zərəri böyükdür. “Səhər tezdən hay düşdü ki, bazar yanır. Hamı kənardan eləcə tamaşa edirdi, yanğın güclü olduğundan kimsə yaxınlaşa bilmədi. Deyirlər ki, anbardakı soyuducudan olub, hərə kimdənsə eşitdiyini danışır”, -bazarın yaxınlığında yaşayan sakinlərdən biri söyləyib. Əlavə edib ki, yanğın söndürüləndən sonra bazar fəaliyyətini davam etdirir. Çünki Bakıdan fərqli olaraq rayonda mağazalara gedən azdır, bir kilo pomidoru da bazardan alırlar.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 kvadrat metr olan 2 mağaza və ümumi sahəsi 7650 kvadrat metr olan mərkəzi bazarın ərazisində 3 dükan 70 kvadrat metr sahədə (ümumi 1130 m2) yanıb. Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb. 

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov hazırda hadisə yerində olduğunu söyləməklə kifayətləndi və telefonu söndürdü. Başçının köməkçisi Zaur Əsədov isə hadisədən xəbərdar olduğunu, lakin dəymiş zərər və ya yanğının miqyası ilə bağlı əlavə heç nə bilmədiyini dedi.