Bu gün Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb. Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verib. Hadisə ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.