Bayıl ərazisindəki sürüşmə zonasında yerləşən evlərin 80 faizə yaxını sökülüb. Bu barədə “Yeni Müsavat”a sakinlər özləri məlumat veriblər. Onlar bildiriblər ki, köçürülən ailələr kompensasiya ilə razılaşıblar. Lakin verilən məbləğlə razılaşmayanlar da var ki, onlar evlərini tərk etməyiblər. Rəsmi qurumların nümayəndələri həmin ailələri məcburi də köçürmək niyyətində deyillər. Sakinlərə bildirilib ki, kim istəsə, onlar köçürüləcək.

Hazırda Bayıl yamacında sürüşmə xətti boyunca yerləşən evlərin, demək olar ki, hamısı sökülüb. Yerdə qalanların, yuxarıda da qeyd etdiyimiz kimi, evlərini tərk etmələri məcburi deyil. Lakin sakinlər bildirdilər ki, ərazidə yaşamaq üçün şərait olmadığından, evlərini tərk etməyə məcburdurlar.

Məlumat üçün qeyd edək ki, bu ilin mayında yayılan rəsmi məlumata görə, Azərbaycan Nazirlər Kabineti Bakının Səbayel rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir.

“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olunacaq, bu cür hallara yol verilməyəcək”, - məlumatda bildirilib.

Sakinlərin dediyinə görə, ayrılan vəsaiti kvadrata bölən zaman müəyyən səhvlər ortaya çıxır: “Yaşayış yerlərinə 1000 manat hesablanır, zirzəmilərin, köməkçi tikililərin isə qiyməti başqadır. Həyətə isə, ümumiyyətlə, pul vermirlər. Bütün bunlara ümumi yanaşanda evin hər kvadratına təxminən 600-700 manat kompensasiya düşür. Kiçik evlərə verilən vəsaitin məbləği aşağı olduğu üçün ailələr narazılıq edir.

“Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, hazırda yalnız Dövlət Dəniz Administrasiyasının yaxınlığında evlər sökülməmiş qalıb: “Bu ərazidə yaşayan sakinlər verilən kompensasiya ilə razı deyillər. Onlar müxtəlif instansiyalara şikayət edib, narazılıqlarını bildirirlər. Qeyd edim ki, həmin ərazidə yaşayanlar orada 1960-cı illərdən məskunlaşıblar. Hamısının da qanuni sənədləri var. Teleqüllənin ətrafında olan evlərin isə 70 faizi sökülüb, qalanı da sökülmək üzrədir. Demək olar ki, sürüşmə xətti üzrə olan evlərin əksəriyyəti artıq mövcud deyil. Qərarda yazılmışdı ki, köçürülmə və sökülmə prosesi ilə bağlı dövlət tərəfindən vəsait ayrılıb. Ancaq belə bir şərait yaratdılar ki, vətəndaşları özləri evlərini söküb apara da bilərlər, sata da. Köhnə tikinti materialı alan şəxslər var ki, onlar evlərin əksəriyyətini aldılar. Ev var ki, min manata, ev də var 3 min manata, 500 manata satıldı. Gəlib ümumilikdə materiallara ayrı-ayrılıqda qiymət qoydular. Kimsə başqa yerdə torpaq alıb tikəcəksə, özü söküb apardı. Yəni dövlət bu məsələlərə qarışmadı. Kompensasiyanı belə verirdilər ki, evi söküb, şəkilin onlara təqdim edirdin. Ona görə də insanlar bir qədər əziyyət çəkdilər. Çünki kirayə mənzildə qalmalı, evi sökməli, sonra kompensasiya almalıdırlar. Yerdə 10-15 faiz müəyyən evlər qalır ki, onların da kommunal xətlərində problemlər var. Ətraf evlər söküldüyü üçün sökülməyən evlərdə yaşamaq çətindir. Ərazidə siçovul, sahibsiz itlər və digər bu kimi heyvan və həşəratlar çoxalıb. Köçməyənlər artıq kompensasiya istəsələr də, aidiyyəti qurumlar bildirirlər ki, nəzərdə tutulandan əlavə ödəniş olunmayacaq”.