Azərbaycanda pensiyaçilar ancaq Kapitalbank və Beynəlxalq Bankdan pul çıxara bilirlər. Onlar digər banklardan pul çıxaranda əlavə vəsait tutulur.

Bu fikirləri Milli Məclisin komitə iclasında deputat Vahid Əhmədov söylədi və hökumət üzvlərinin diqqətini həmin məsələyə yönəltməyə çalışdı. Bildirdi ki, 200-300 manat pensiya alan vətəndaş digər bankomatlardan pul çıxaranda onlardan 10-15 manat vəsait çıxılır. “Dünya təcrübəsində belədir ki, pensiyaçılar, əlilər, müharibə iştirakçıları istənlən bankdan vəsait çıxarır və onlardan heç bir vəsait tutulmur. Bu qaydanın Azərbaycanda da tətbiqinə ehtiyac var”. Deputat seçildiyi rayonun problemlərindən də bəhs etdi: “Qubanın özündə cəmi iki bankomat var. 150 min əhali üçün iki bankomat. Əhali çətinliklərlə üzləşir”.

V.Əhmədov prezidentin imzaladığı sərəncamları yüksək dəyərləndirdi. Qeyd etdi ki, 2018-ci il seçkilərindən sonra imzalanan vəsait 3 milyarddan yuxarıdır. “Amma biz dövlət büdcəsində çox cüzi məbləği görürük”, deyən V.Əhmədov vətəndaşlara ayrılan maliyyə ilə bağlı aydınlıq gətirilməsini də məqsədəuyğun saydı. Eyni zamanda dedi ki, əvvəlki illərdə minimum əmək haqqı 10 faiz artırılırdısa, son sərəncamla minimum əm haqqı 70 faiz artırıldı, bu isə çox ciddi rəqəmdir.(musavat.com)