Azərbaycanda yaşayış minimumu ölkə üzrə 180, əmək qabiliyyətli əhali üçün 191, pensiyaçılar üçün 149, uşaqlar üçün 160 manat həcmində nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafəsi nazirinin müavini Anar Əliyev açıqlama verərkən minimum əməkhaqqının və minimum pensiyanın artırılmasından sonra yaşayış minimumu və istehlak səbətinə yenidən baxılmasının zəruri olduğunu bildirib. Yaşayış minimumunun dəyişilməsi üçün əsas rolu məhz istehlak səbəti daşıyır. Qanuna əsasən istehlak səbəti hər 3 ildən bir yenilənməlidir. Ancaq sonuncu dəfə bu yenilənmə 2014-cü ildə baş verib. Bəs görəsən, Azərbaycanın istehlak səbətində hansı dəyişikliklərin şahidi olacağıq? Xidmətlər yaxud ərzaq və geyimlər əlavə ediləcək, yoxsa mövcud ərzaq məhsullarının keyfiyyət dəyişikliyinə ehtiyac var?

İqtisadçı ekspert Rəşad Həsənov istehlak səbətində edilən dəyişikliklərin yaşayış minimumuna mütləq şəkildə təsir edəcəyini bildirib:

“Azərbaycanda ümumiyyətlə yaşayış minimumu “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanunda da göstərildiyi kimi yaşayış minimumunun strukturu iki hissədən ibarətdir: istehlak səbəti və icbari ödənişlər. Bu iki istiqamətdə xətlərin dəyişməsindən asılı olaraq yaşayış minimumunun dəyişməsi zərurəti ortaya çıxır. Qanunvericiliyə uyğun olaraq, tariflər və cari qiymətlər nəzərə alınmaq şərtilə ildə bir dəfə yaşayış minimumu təsdiqlənir. Əgər istehlak səbətinin strukturunda hər hansı dəyişiklik baş verəcəksə, bazardakı qiymətlərə uyğun olaraq yenidən qiymətləndirmə aparılacaqsa, göstərici dəyişəcəksə bu yaşayış minimumunun da dəyişməsinə gətirib çıxaracaq”.

Azərbaycanın istehlak səbətinin dövrün tələblərinə tam cavab vermədiyini deyən Rəşad Həsənov, yenilənmə zamanı səbətə əlavələr edilməsinə deyil, keyfiyyətin artırılmasına ehtiyac olduğunu bildirib:

“Əvvəla burada keyfiyyətin artırılmasına ehtiyac var. Çünki Azərbaycanda istehlak səbətinin strukturunu inkişaf etmiş ölkələrlə müqayisə etsək görərik ki, ərzaq və xidmətlər müasir dövrün tələblərinə uyğun tərtib olunmayıb. Məsələn, kasıb ölkələr səbətə daha çox çörək, kartof və.s daxil etdiyi halda, varlı ölkələr balıq əti, qırmızı ət və.s bu kimi məhsulları daha çox daxil edir. Eyni zamanda cari xərc istiqamətləri formalaşır. Hansı ki, indiki dövrdə bu xərclər qaçılmaz rol alıb. Məsələn, 10-15 il əvvəl istehlak səbətində internetlə bağlı hər hansı xərc nəzərdə tutulmurdu. Artıq bu xərclər də səbətə daxil edilir. Ümumiyyətlə desək, Azərbaycanda istehlak səbətinin yenilənməsinə tələblərə uyğunlaşmasına ehtiyac var. Amma bu yenilənmə əlavə xidmət yaxud ərzaq, geyimlərin daxil edilməsi yox, aşağı keyfiyyət və ucuz məhsulların baha qiymətli və keyfiyyətli məhsullarla əvəzlənməsi ilə dəyişməlidir”.

İQTİSADİYYAT.AZ

Mehman Nəbiyev