“Əmək kitabçaları artıq dövriyyədən çıxarılmalıdır. Çünki onun Sovet dövründə olduğu kimi heç bir yükü qalmayıb. İndi bütün əsas təyinatlar – pensiya, müavinətlər və s. sığorta stajı ilə həyata keçirilir”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, burada söhbət əmək kitabçalarının ləğvindən deyil, onların dövriyyədən çıxarılmasından gedir. S.Məmmədov vurğulayıb ki, əmək kitabçaları dövriyyədən çıxarıldığı tarixdən işə qəbul olunan şəxslərə yeni əmək kitabçası açılmayacaq və əvvəlki də tələb olunmayacaq:

“Amma 2014-cü ildən əvvəl işləyənlər əmək kitabçalarını ciddi bir sənəd kimi özlərində saxlamalı və lazım olduqda onu təqdim etməlidirlər. Çünki 2014-cü ildən sonra elektron informasiya sistemində işçi haqqında bütün məlumatlar yerləşdirilib”.

Rusiyada aparılan hesablamalara görə, əmək kitabçalarının dövriyyədə qalmasının biznesə 50, dövlətə isə 12 milyard rubl ziyan vurduğunu deyən S.Məmmədov bildirib ki, Azərbaycanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını ləngidən ciddi bir əsas yoxdur: “Lakin istənilən halda əmək kitabçaları dövriyyədən çıxarıldıqdan sonra belə onu cırıb atmamaq, sahibinə təhvil vermək lazımdır. Çünki bəzi hallarda, məsələn, hakimliyə, vəkilliyə və s. qəbul olunmaq üçün əmək stajı tələb olunur. Bu zaman əmək kitabçalarını təqdim etmək lazımdır. Bundan başqa, 2014-cü ildən əvvəl işləyənlər əmək pensiyasına çıxanda hər hansısa bir mübahisəli məsələ olduqda bu kitabçaya baxıla bilər”.

 

Sadiq Cavadov