"Bizim proqramımız və planımız ondan ibarətdir ki, gələn ildən etibarən ümumiyyətlə bütün orderlər elektron qaydada olsun. Yəni kağız daşıyıcı üzərində olmasın".

İqtisadiyyat.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Elektron vəkil orderi" və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.

"Hazırda məlum olduğu kimi, bizim üçün gündəmdə olan məsələ elektron vəkil orderidirin tətbiqidir. Elektron qaydada elektron hüquqi yardım göstərilməsi haqqında müqavilənin bağlanması məsələsidir. Bu çox önəmli məsələdir. Burada birinci önəm ondan ibarətdir ki, vətəndaşa, müvəkkilə, müştəriyə biz rahat şərait yaradırıq ki, dünyanın istənilən nöqtəsindən vəkillə müqavilə bağlaya bilsinlər. Müasir texnologiya buna imkan verir və nəyə görə Azərbaycan vəkili bundan bəhrələnməməlidir? Bax bu suala cavabı biz özümüz tapdıq. Elə bir proqram təminatı yaradılıb ki, bu gün Azərbaycan vəkilləri hər kəslə heç bir problem olmadan müqavilə bağlaya bilirlər. Məndə olan məlumata görə, artıq bu proses getdikcə genişlənir və vəkilləriomiz bu imkanlardan faydalanırlar. Eyni zamanda, ikinci vacib məsələ bayaq da vurğuladığım kimi elektron vəkil orderi məsələsidir. Bu order uzun illər ərzində kağız daşıyıcısı üzərindən təqdim olunub. Hazırda həm dövlətimiz, həm də cəmiyyətimiz elektronlaşdırılır. Bütün sahələrdə bu proseslər gedir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, cari ilin aprel ayından etibarən paralel olaraq vəkillərimiz həm kağız daşıyıcısı üzərindən, həm də elektron qaydada orderdən istifadə edə bilərlər. Ancaq gələn ildən etibarən bizim proqramımız, planımız, yol xəritəmiz ondan ibarətdir ki, gələn ildən etibarən ümumiyyətlə bütün orderlər elektron qaydada olsun. Yəni kağız daşıyıcı üzərində olmasın. Bununla biz hansı problemlərin həll etmiş oluruq. Birinci burada şəffaflıq (transparency) yaradılır. Bu çox önəmli məsələdir. Tutaq ki, vətəndaş müqavilə bağlayır və pulu nağdsız qaydada ödəyir, order də vəkil tərəfindən aidiyyəti qurumlara göndərilir. Vəkilin xərcləri azalır. Biri var sən gedib poçtla göndərəsən, vaxt itirəsən, biri də var ki, elə elektron kabinet vasitəsilə onu məhkəməyə və yaxud başqa qurumlara təqdim edəsən", - sədr söyləyib.

Sadiq Cavadov