Bildiyimiz kimi ötən həftə ölkə başçısı problemli kreditlərin həlli üçün güzəşt fərmanı imzaladı. Güzəştlər barədə oxucularımıza əvvəlki günlərdə geniş məlumat vermişdik. Təqdim olunan güzəştlərin verilmə prosesi zamanı şəffaflığı qorumaq üçün hansı nələrə diqqət ediləcək? Ekspert Samir Əliyev bu sual ətrafında öz fikirlərini feysbuk profilində paylaşıb.

İqtisadiyyat.az həmin paylaşımı izləyicilərinə təqdim edir. “Prosesin şəffaflığı üçün problemli kreditlərin həlli sahəsindən atılmalı texniki addımlar: 1. Kompensasiyaya düşən kreditlərin fevralın 21-i (2015) və dekabrın 21-i (2015) tarixlərinə olan qalıqları barədə məlumatların banklar və müştərilər üzrə siyahısının internetdə (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi; 2. Kompensasiya alacaq və kredit tarixçəsi pisləşmiş müştərilərə amnistiyanın verilməsi. Bunun üçün mərkəzləşdirilmiş kredit reyestrində və Kredit Bürosunun məlumat bazasında həmin şəxslərinin kredit tarixçələrinin sağlamlaşdırılması; 3. Veriləcək kompensasiya məbləğinin müştəri və banklar üzrə siyahısının saytlarda (MBNP, MB rəsmi saytında, o cümlədən bankların) yerləşdirilməsi; 4. Restrukturizasiya müqabilində Mərkəzi Bankdan güzəştli kredit alacaq banklar və veriləcək kredit məbləğləri barədə məlumatın açıqlanması; 5. Zamin durmuş və əsas borcalanın əvəzində banka pul ödəmiş şəxslərin kompensasiya almaq imkanlarının təmin edilməsi”.