Baş nazir Novruz Məmmədov avtobuslarda sərnişinlərin rahatlığını təmin etmək üçün bir sıra yeniliklər barədə əmr imzalayıb. Kondisioner sisteminin quraşdırılması, avtobusların hündürlüyü kimi ən xırda detallar da yeniliklərə daxildir. Ancaq istifadə edilən avtobusların mütləq əksəriyyətini hələ də sərnişinlərin şikayətinə səbəb olan, getdikcə daha yararsızlaşan köhnə “Daewo” markalı avtobuslar tutur. Bundan az öncə isə BNA almış olduğu 300 yeni avtobusun iyun ayında gətiriləcəyi barədə məlumat vermişdi. İstifadə olunan avtobusların çoxunun “Daewo” olduğunu nəzərə alsaq, əmrdə qeyd olunan yeniliklərin tətbiqi prosesi necə olacaq? Nəqliyyat eksperti Hüseyn Abdullayev İqtisadiyyat.az-ın bu sualını cavablandırarkən, yeni qaydalara əsasən köhnə avtobusların ümumiyyətlə istismarının dayandırılmalı olduğunu bildirib.

“Göstərilən tələblərə çox az sayda avtobuslar uyğun gəlir. Bunlar da ki, “BakuBus”-ın avtobusları, “Xaliq Faiqoğlu” MMC-nin və “Çinar Trans”MMC-nin gətirdiyi orta tutumlu olan avtobuslardır. Yerdə qalanlar isə əslində indi də istifadəyə yararlı deyil. Təbii ki, belə olan halda özəl daşıyıcıların sayı azalacaq. Bu isə heç də pis bir hadisə deyil. Proqnozlara görə, 2020-ci ildən ümumi istifadədə olan avtobuslar ya sıxılmış maye qazla, ya da elektriklə işləməlidir. Həmin avtobusların da baha olması onsuz da özəl daşıyıcılara sərf etməyəcək. Əməliyyat xərci də çox olacaq. Çünki sıxılmış qazla işləyən avtobuslar üçün qaz magistral kəməri olmalıdır. Bu isə digər səbəblərdən hamıya əlçatan deyil. Elektriklə işləyən nəqliyyat vasitələri də iqtisadi cəhətdən çox da səmərəli deyil. Daha çox ehtiyat avtobusları lazım olacaq. Çünki avtobuslar depoya qayıdıb yenidən enerji dolduracaqlar. Bütün hallarda düşünürəm ki, sərnişindaşıma sahəsində daha radikal,tam islahatlar lazımdır ki, həmin islahatlar özəl daşıyıcıları investisiya yatırmaları üçün stimullaşdırsın.Belə başa düşürəm ki, 2022-ci ildə bütün avtobus sərnişindaşımanı ancaq “BakuBus” həyata keçirəcək”.

Ekspert bundan əlavə, yeni qaydaları mümkün etmək üçün bəzi təkliflər də irəli sürüb.

“Ümumiyyətlə bizdə bir çox hallarda belədir, formal qaydalar var, amma onların icrası real deyil. Reallaşdırmaq üçün isə şərait yaradılmır.

Bu qaydalarda yazılanları mümkün etmək üçün aşağıdakılar lazımdır:
- Keyfiyyətli sərnişindaşımanın həqiqi xərcini müəyyənləşdirmək
- Daşıyıcılarla bağlanan "konsessiya" tipli müqavilə sistemini uzunmüddətli "xidmət müqaviləsinə" (nəqliyyat işinin ödənilməsi) dəyişmək. Daşıyıcıların gəlir riskini azaltmaq və sərnişindaşımanı stabil pul axınlı dayanıqlı biznesə çevirmək
- Tender vasitəsi ilə tələbləri icra etmək bacarığında olan daşıyıcıları aid etmək və xidmət səviyyəsinə olan tələbləri aid etmək
- İctimai nəqliyyat sisteminin subsidiyalaşdırımasına hazırlıq işləri görmək”.

 

Mehman Nəbiyev