Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində yerləşən kafedə baş vermiş yanğında xəsarət alan olmayıb.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən bildirilib.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 150kv.m olan restoranın ümumi sahəsi 96kv.m olan əlavə tikilmiş artırma hissəsinin yanar konstruksiyaları və bitişik, fəaliyyət göstərməyən restoranın ümum sahəsi 70kv.m olan əlavə tikilmiş artırmasının 35kv.m sahədə penoplasdan ibarət dam örtüyü yanıb. Yüksək temperaturdan binanın birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi deformasiya edib.

Yanğınsöndürənlərin həyata keçirdikləri təcili və təxirəsalınmaz tədbirlər sayəsində restoranların qalan hissəsi, bitişik obyekt və mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

***

20:55

Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

***

20:19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, İzmir küçəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kafedə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

19:48

Bakıda restoranlardan birində yanğın başlayıb, avtomobillərin hərəkəti dayanıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.

***

19:36

Bakıda restoranda yanğın başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə "Hyyat Regency" hoteli qarşısında baş verib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Fövqəlada Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin "112"-i qaynar telefon xəttinə Yasamal rayonu, İzmir küçəsində restoranda yanğın baş verməsi ilə bağlı məlumat daxil olub və hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat keçirilir.